XIII əsr Türk mütəsəvvüf ədəbiyyatının ən böyük şairi Yunus Əmrə (1241-1320) islamın yayılmasında və türk dilinin sadə xalq dilinə yaxınlaşmasında əvəzsiz rol oynamışdır. Onun Türkiyənin hansı bölgəsində anadan olması haqqında müxtəlif fərziyyələr var. Bəzi tədqiqatçılar onun Sarıköydə, Karamanda, Kırşəhirdə, Lumnidə və s. yerlərdə doğulub boya-başa çatdığını deyirlər. Ümumilikdə isə Yunus Əmrə bütün türk dünyasının şairidir. Elə bu baxımdandır ki, şairin qəbrinin Türkiyənin on dörd bölgəsində olduğu, Azərbaycanın Qax rayonunun Oncalı kəndindəki Oğuzlar qəbristanlığında da məzarının olması məlumdur. Bütün bunlar şairə olan sevgidəndir ki, hər bölgə, hər şəhər onu öz şairi hesab edir. Bəxtiyar Vahabzadənin təbirincə desək “Yunusun qəbri onu sevənlərin ürəyindədir”.