Azərbaycan qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır. Ən məşhur qəhrəmanlıq dastanlarından biri də "Koroğlu" dastanıdır. Koroğlu dastanı haqqında araşdırmalardan məlum olur ki, o, yarı mistik xalq qəhrəmanıdır. Onun təqribən XVI əsrin II yarısı yaşadığı güman edilir. Koroğlu Cəlalilər hərəkatının başçılarından biri olub. XVI əsrin ortaları - XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə, Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.