Çağdaş qazax dilçiliyinin banisi, ictimai-siyasi xadim, maarifçi, linqvist alim, ədəbiyyatşünas, tərcüməçi olan Əhməd Baytursunov (Baytursun oğlu) (28 yanvar 1873-1937) türk dünyasının görkəmli şəxsiyyətlərindən biri kimi tanınır. Əhməd Baytursunovun doğum tarixi qaynaqlarda müxtəlif şəkildə göstərilsə də, əsasən 1873-cü il 28 yanvar tarixi üzərində durulur. O, (Rusiya imperiyasının inzibati ərazi bölgüsünə görə)Turqay eli Sarıtübek kəndində doğulmuşdur. İlk təhsilini mədrəsədə almış, sonra Turqay ikisinifli rus-qazax məktəbində oxumuş, daha sonra Orenburqa gedərək təhsilini davam etdirmək məqsədi ilə görkəmli maarifçi İbray Altınsarin tərəfindən əsası qoyulmuş dördillik müəllimlər seminariyasına daxil olmuşdur.