Türk xalqlarının xilqətindəki inanış İslamda qanunauyğun inikasını tapdığı üçün türk və İslam mədəniyyəti VII-VIII yüzilliklərdən sonra türk-islam mədəniyyəti kimi dünya tarixinə daxil oldu. Bu böyük prosesi əks etdirən yüzlərcə, minlərcə örnəklər arasında “Kutaqdu-bilik” başda gəlir. Qut – türkcə səadət, xoşbəxtlik, uğurlu tale deməkdir. “Kutadqu-bilik” – xoşbəxtliyə, səadətə aparan elm, bilik deməkdir. Bu möhtəşəm abidənin müəllifi türk-islam mədəniyyətinin ilk böyük sənətkarı Yusif Xas Hacibdir.
"Kutadqu bilik" ilk olaraq Allahın, Məhəmməd peyğəmbər və onun 4 əshabəsinin Əbubəkr, Ömər, Osman və Əlinin, o cümlədən, dövrün hakimi Buğra xanın tərifi ilə başlayır. Bunların ardınca gələn təxminən 270 beytlik müxtəlif başlıqlı parçalarda kainatın yaranması, 7 səyyarə, 12 bürc və insan haqqında məlumat verilir. Kitabda özünə yer tapan bundan sonrakı (təxminən 6000 beyt) bütün məsələlər 4 ulu və möhkəm təməl üzərində qurulur:
a) ədalət; b) səadət; c) ağıl; d) qənaət və aqibət.