Həftəlik, illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı.
Birinci nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çapdan çıxmışdır. Jurnal 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr olunmuşdur. Müəyyən fasilələrlə 25 il fəaliyyət göstərən “Molla Nəsrəddin” jurnalının 741 nömrəsi (Tiflisdə 370, Təbrizdə 8, Bakıda 363) çap edilmişdir. Jurnalın redaktoru və naşiri böyük demokrat Cəlil Məmmədquluzadə idi. 1910-1911-ci illərdə Məhəmmədəli Sidqizadə (Məhəmmədəli Sidqi) müvəqqəti müdir, Əliqulu Nəcəfov (Qəmküsar) ikinci redaktor vəzifələrini icra etmişlər. 7 fevral 1925-ci ildən (№6) sonuncu nömrəyədək (yanvar, 1931 №2) jurnal “Heyəti-təhririyyə” imzası ilə çıxmışdır.