Məmmədvəli Kəminənin (1770-1840) həyatı haqqında günümüzə özündən heç bir məlumat gəlib çıxmamışdır. Onun həyatı haqqında məlumatlar yalnız xalqın deyimlərində, əfsanələrdə qalmışdır. Ona görə də keçən əsrlərdən başlayaraq uzun illər ərzində Kəminənin yaşadığı dövr və həyatını ətraflı surətdə öyrənmək üçün türkmən alimləri xalq yaddaşından, xüsusən də Kəminənin törəmələrinin dilindən çoxlu məlumatlar yazıb toplamışlar. Bu materiallar əsasında onun tərcümeyi-halı dəqiqləşdirilmiş, şəxsi həyatı müəyyən qədər aydınlaşdırılmış və böyük şairin hansı şəraitdə yaşadığı müəyyənləşdirilmişdir. Həmin materiallara görə, Məmmədvəli Kəminə (bəzi məlumatlara görə onun adı Vəliməmməddir) türkmənlərin təkə uruğunun toxtamış bölümünün vəkil tayfasının toğlular adlı tirəsindəndir.